UEFA bir müddət öncə cəzalandırdığı Türkiyənin “Fənərbaxça” klubu ilə bağlı çıxardığı qərarda dəyişiklik edib.
Arena.az xəbər verir ki, qitə futbol qurumu İstanbul təmsilçisinin avrokuboklardakı 3 səfər oyununu azarkeşsiz keçirməklə bağlı cəzasında endirimə gedib.
Bu barədə UEFA-nın Apellyasiya Şurası qərar qəbul edib. Türkiyə klubunun əvvəlki qərardan şikayət verməsi nəticəsində 3 oyunluq cəza 2 oyuna endirilib. Beləliklə, “Fənər”in 2 səfər matçı üçün bilet satışına qadağası və 80 min avroluq cəriməsi təsdiqlənib. Bir oyunluq cəzanın isə 2 il müddətinə təxirə salınması qərara alınıb.
Xatırladaq ki, UEFA “Fənərbaxça”nı martın 8-də Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikada keçirilmiş “Yunion”la səfər matçında türkiyəli azarkeşlərin uyğunsuz davranışı səbəbi ilə cəzalandırmışdı. Qonaq fanatlar stadiona atılan məşəllər və digər zərərli maddələrə görə həm klubu ziyna salıblar, həm də növbəti oyunlarda iştirakdan məhrum olublar. Üstəlik, “Yunion”un stadionuna dəymiş zərərin ödənilməsi ilə əlaqədar, İstanbul təmsilçisi Belçika klubu ilə əlaqə saxlamalı və xərcləri qarşılamalıdır.
Türkiyə və Belçika klubları arasındakı oyunlarda ümumi hesabda 3:1 hesabıyla üstün olan qardaş ölkə təmsilçisi 1/4 finala vəsiqə qazanmışdı. “Fənərbaxça”nı növbəti mərhələdə Yunanıstan “Olimpiakos”u ilə oyunlar gözləyir. Amma cəza səbəbindən türkiyəli azarkeşlər bu rəqiblə səfər qarşılaşmasında sevimli komandalarına stadiondan dəstək verə bilməyəcəklər.
Qeyd edək ki, Türkiyə və Yunanıstan klubları arasındakı ilk oyun aprelin 11-də Pireydə, cavab qarşılaşması isə ayın 18-də İstanbulda baş tutacaq. “Fənər” turu keçəcəyi halda “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.
Bahar Rüstəmzadə


