Leverkuen “Bayer”inin baş məşqçisi Xabi Alonso növbəti mövsümü niyə “Bayer”də keçirməyə qərar verdiyini açıqlayıb.
Arena.az “Eurosport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bir çox səbəblər vardı. Mövsüm öncəsi çox yaxşı qərarlar qəbul etdik. Komanda yaxşı toplaşdı və biz tərəqqi edə bildik, zehniyyət yarada bildik, futbol üslubu yarada bildik və bu, əlbəttə ki, təkcə yaxşı futbol deyil, həm də çox rəqabətəqadirdir. İl ərzində komandada gözəl ab-hava yaratmışıq. Mövsüm əla gedir və əlbəttə ki, eyni ruhda davam etmək istəyirik. Özümü bu komandanın bir parçası hiss edirəm. Mənə elə gəlir ki, indi getmək üçün uyğun vaxt deyil və buna görə də qalıram”, deyə Alonso bildirib.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Almaniya Bundesliqasının 28 turundan sonra 76 xalla yarış cədvəlinin vahid liderləridir. “Əczaçılar” ən yaxın təqibçisi – Almaniya nəhəngi “Bayern”i (60 xal) 16 xal qabaqlayırlar. Növbəti turda qazanılacaq daha bir qələbə “Bayer”in çempionluğu rəsmiləşdirməsi üçün yetərli olacaq.
“Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Almaniya klubu 1/4 finalda “Vest Hem”lə (İngiltərə) ilk oyun çərçivəsində evdə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. “Əczaçılar” bu yarışda da çempionluğa iddialıdırlar.


