“Barselona”nın sağ cinah müdafiəçisi Rafinya futbol üzrə UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu buna komandasının Fransada PSJ-yə qarşı keçirdiyi səfər matçında dubla imza atmaqla nail olub. Bununla da Rafinya İspania təmsilçisinin 3:2 hesablı qələbəsində əsas pay sahibinə çevrilmişdi.
UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına Fil Foden (“Mançester Siti”, İngiltərə), Martin Edeqor (“Arsenal”, İngiltərə) və Antuan Qrizmann (“Atletiko”, İspaniya) da namizəd idilər.
Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları bəlli olub.
Belə ki, Avroliqada həftənin oyunçusu İtaliyanın “Atalanta” klubunun hücumçusu Canluka Skamakka olub. 25 yaşlı italyan forvard bunu İngiltərə nəhəngi “Liverpul”u səfərdə 3:0 hesabıyla darmadağın etdikləri görüşdə dubl etməklə bacarıb.
Avropa Liqasında həftənin ən yaxşısı adına digər namizədlər bunlar idilər: Paulo Dibala (“Roma”, İtaliya), Yonas Hofmann (“Bayer”, Almaniya) və Rafa Silva (“Benfika”, Portuqaliya).
Avropa Konfrans Liqasında isə həftənin oyunçusu Yunanıstanın “Olimpiakos” klubunun hücumameyilli yarımmüdafiəçisi Kostas Fortunis olub. O, doğma meydanda Türkiyənin “Fənərbaxça” komandasına 3:2 hesabıyla qalib gəldikləri oyunda bir qola imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına daha 3 namizəd var idi. Bunlar Con Makqin (“Aston Villa”, İngiltərə), Martines Kuarta (“Fiorentina”, İtaliya) və Hans Vanaken (“Brügge”, Belçika) idilər.


