“Bayer” (Leverkuzen) klubunun hücumameyilli yarımmüdafiəçisi Florian Virts Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Bundesliqanın 29-cu turunda “Verder”lə oyunda (5:0) het-trik etməklə buna nail olub..
Belə ki, fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.
Qeyd edək ki, hesabında 79 xal olan “Bayer” ötən gün Bundesliqada mövsümün sonuna 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Bu, Leverkuzen təmsilçisinin tarixində ilk belə uğurdur.
Xatırladaq ki, Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 17 qol vurub, 18 məhsuldar ötürmə verib. O, bu komandada bütövlükdə 144 oyun keçirib, 40 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


