Rafael Varan “Mançester Yunayted”dən gedir – Rəsmi

Futbol üzrə Fransa millisinin mərkəz müdafiəçisi Rafael Varan cari mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasındakı müqavilənin müddəti 2024-cü ilin iyun ayının sonunda başa çatacaq. Mançester klubu təcrübəli oyunçunu heyətdə saxlamaq istəmədiyi üçün onunla yeni müqavilə bağlamamağa qərar verib.

Klubun rəsmi saytındakı müvafiq bəyanatda vurğulanır ki, futbolçu müqavilə müddəti başa çatdıqdan sonra “qırmızı şeytanlar”ın düşərgəsini tərk edəcək:

“Varan “Mançester Yunayted”də 93 oyun keçirərək komandaya böyük səviyyə və təcrübə gətirib. Bununla belə, “Rafa” daha çox mərkəzi müdafiədəki qüsursuz işi ilə yadda qalıb, çünki o, kluba gələndən bəri ən yaxşı keyfiyyətlərini göstərib. Müdafiəçisi aprelin 4-də “Çelsi” ilə oyundan sonra meydana çıxmayıb, amma indi zədəsini sağaltmaq üçün çox çalışır və mövsümün sonuna qədər meydana qayıtmağa ümid edir. “Yunayted”də hər kəs “Rafa”ya işinə görə təşəkkür edir və ona gələcək üçün ən yaxşısını arzulayır”.

Britaniya mətbuatının yazdığına görə, 31 yaşlı futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantı var.

Xatırladaq ki, Rafael Varan 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 93 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, çox uğursuz bir mövsüm keçirən “Mançester Yunayted” hazırda 36 oyuna topladığı 54 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: