“Bayer”in hücumameylli alman yarımmüdafiəçisi Florian Virts 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının rəsmi saytına istinadən məlumat verir.
Cari mövsümdə Virts Bundesliqanın 32 oyununda meydana çıxıb, 11 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 18 qol vurub, 20 məhsuldar ötürmə verib. Virtsin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 150 oyun, 41 qol, 50 məhsuldar ötürmə.
Virts “Bayer”lə 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının qalibi olub.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 16 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


