Məşhur futbol əfsanəsi, Braziliya millisinin keçmiş hücumçusu, özünün iti dili ilə səciyyəvi olan Romario açıqlaması ilə diqqət çəkib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, 58 yaşlı əfsanəvi hücumçu müasir futbolçuları tənqid atəşinə tutub:
“Düşünürəm ki, bu gün meydanda daha uğurlu olaram, çünki müasir futbolçular çox axmaqdırlar. Onlar həddindən çox qaçırlar. Mənim vaxtımda da yaxşı fiziki formanı gözləmək gərək idi, amma oyunçular daha texnikalı və ağıllı idilər. Əminəm ki, bu gün 2000-dən çox qol vuracaqdım”, deyə “Bəstəboy” ləqəbli braziliyalı bildirib.
Xatırladaq ki, Romario hazırda siyasətlə məşğul olur və Braziliya Federal Senatının ikinci vitse-prezidentidir. O, 1979/1980-ci illər mövsümündə başladığı futbolçu karyerası ərzində “Olariya”, “Vasko da Qama”, “PSV Eyndhoven”, “Barselona”, “Flamenqo”, “Valensiya”, “Fluminense”, “Əl-Sadd” (Doha), “Mayami” (“Fort-Loderdeyl Straykers”), “Adelaida Yunayted” klublarında çıxış edib.
2009-cu ildə Romario bir il öncə fasilə verdiyi futbolçu karyerasını “Amerika” (Rio-de-Janeyro) klubunda yenidən bərpa edib. 2010-cu ildə futbola ara vermiş Romario, 2024-cü ilin aprelində prezidenti olduğu elə, həmin “Amerika”da yenidən futbola qayıdıb.
Futbolçu karyerası ərzində veteran hücumçu həm klub və həm də Braziliya millisində həmişə “vuran ayaq” olması, həmişə də yüksək səviyyəli idman forması ilə diqqət çəkib.
“Transfermarkt” internet-portalının təqdim etdiyi statistik məlumatlara görə, “Bəstəboy” futbolçu karyerası ərzində klub səviyyəsində 301 oyuna 228 qol vurub, 36 məhsuldar ötürmə verib.
Romario özü müvafiq statistikaya əhəmiyyət vermir, bəzən isə təkzib edir və qol hesabını şəxsən aparır. Bu hesabla Romarionun vurduğu qolların sayı 1000-i ötüb.
Braziliya millisinin heyətində Romario 1987-ci ilin mayında debüt edib, 71 oyuna 55 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib. Romario yığmanın ən sərrast futbolçuları arasında 4-cü nəticəyə sahibdir (Neymar, Pele və Ronaldodan sonra). Romario Braziliya millisinin heyətində 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatında fantastik oyunu ilə diqqət çəkib və həmin mundialın qalibi olub. “Bəstəboy” həmçinin FIFA Konnfederasiyalar Kubokunu (1997), Amerika Kubokunu (1989, 1997) qazanıb.


