“Atalanta” İtaliya üçün futbol üzrə UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünə 6-cı vəsiqəni təmin edə bilər.
Arena.az məlumat verir ki, bunun üçün sözügedən komanda cari 2023/2024-cü illər mövsümünü İtaliya A Seriyasının yarış cədvəlində 5-ci pillədə başa vurmalıdır.
Belə olan halda İtaliya A Seriyası UEFA Çempionlar Liqasının bir mövsümündə 6 komanda ilə təmsil ediləcək tarixdə ilk liqa ola bilər.
Bu, “Atalanta”nın Avropa Liqasındakı qalibiyyəti və 2023/2024-cü illər mövsümündə avrokuboklarda toplanılmış xallar hesabına İtaliya komandaları üçün qazanılmış əlavə yer sayəsində mümkün olub.
Hazırda Berqamo komandası 36 oyundan 66 xalla İtaliya A Seriyasının yarış cədvəlində şərti olaraq 5-ci pillədə qərarlaşıb. Belə ki, 37 oyundan 68 xalla “Yuventus” şərti 4-cü pillədədir. Göründüyü kimi, “Atalanta” nəinki 5-ci pilləni təmin edə bilər, hətta mövsümü 3-cü pillədə başa vurub bürünc mükafata sahib ola bilər. Belə ki, hazırda şərti olaraq 3-cü yerdə qərarlaşmış “Bolonya” 37 oyundan 68 xal toplayıb. Bir sözlə, ehtiyatda 2 oyunu olan berqamolulara sadəcə diqqətlə oynayıb qələbə qazanmaq kifayətdir.
Bu halda paytaxt təmsilçisi “Roma”nın bəxti gətirə bilər. Belə ki, “canavarlar” 37 oyundan 63 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıblar. “Atalanta”nın mövsümü uğurla başa vuracağı halda, “Roma” növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edə bilər.


