“Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
21 yaşlı futbolçu arıdıcıl ikinci dəfə Avropa Liqasında müvafiq mükafatın qalibi olub. Virts yarış boyu əla çıxışı ilə fərqlənib, amma finalda “əczaçılar” “Atalanya”ya gözlənilmədən böyük hesabla məğlub olublar (0:3).
Virts Avropa Liqasında 2023/2024 mövsümünün 11 oyununda 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Alman yarımmüdafiəçi Leverkuzendə “Qarabağ”la qrup mərhələsinin 3-cü tur oyununda (5:1) 3 məhsuldar ötürmə və 1 qolla fərqlənib.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsemdə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 18 qol vurub, 20 məhsuldar ötürmə verib. Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 151 oyun, 41 qol, 50 məhsuldar ötürmə.
Virts “Bayer”lə 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının qalibi olub.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 16 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


