Hazard: “Poçettinonun istefasına əsəbləşdim”

“Çelsi”nin sabiq hücumçusu Eden Hazard Maurisio Poçettinonun “zadəganlar”ın baş məşqçisi vəzifəsindən getməsinə münasibətini bildirib.

Arena.az belçikalı keçmiş futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Düzünü desəm, azacıq əsəbləşdim. Poçettino əla iş görüb. Bəli, insanlar “Çelsi”ni ilk 4-lükdə görmək istəyirlər, amma bu, keçid mövsümüdür. O, əla məşqçidir, ona uğurlar arzulayıram. Görək bundan sonra nə olacaq”, deyə Hazard bildirib.

Xatırladaq ki, “Çelsi” mayın 21-də Maurisio Poçettino ilə müqaviləsinə xitam verərək, yollarını ayırdığını rəsmən bəyan edib. Argentinalı mütəxəssis bu vəzifəyə 2023-cü ilin yayında təyin edilmişdi. Bu müddət ərzində “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 51 oyuna çıxıblar. “Çelsi” bu oyunların 27-də qalib gəlib, 10 heçə-heçə edib, 14 dəfə məğlub olub. Komandanın top fərqi isə 107:76 nisbətindədir.

Vurğulayaq ki, “Çelsi” geridə qalmış mövsümdə avrokuboklarda iştirak etməyib. “Zadəganlar” İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünü isə 63 xalla 6-cı pillədə başa vuraraq, növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıblar.

“Çelsi” həmçinin İngiltərə Liqa Kubokunun finalçısı olub və burada “Liverpul”a 0:1 hesabı ilə məğlub olub. İngiltərə Kubokunda isə “zadəganlar” mübarizəyə yarımfinal mərhələsində, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olaraq xitam veriblər.

Poçettino daha öncə PSJ, “Tottenhem”, “Sauthempton”, “Espanyol” kimi komandalara rəhbərlik edib. Onun hazırda “Mançester Yunayted”in sükanı arxasına keçəcəyi barədə xəbərlər dolaşmaqdadır. “Qırmızı şeytanlar”ın da Erik Ten Haqı istefaya göndərmək istədiyi barədə məlumatlar var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: