İngiltərə yığmasının və “Real”ın yarımmüdafiəçisi Cud Bellingem İspaniya La Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 23 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
20 yaşlı futbolçu La Liqanın 2023/2024 mövsümündə 28 matça çıxıb, 19 qol vurub və 6 qolun ötürməsini verib. Bellingem vurduğu 19 qolla İspaniya La Liqasının 2023/2024 mövsümünün ən sərrast futbolçuları siyahısını 3-ci pillədə tamamlayıb. Maraqlıdır ki, Cud həlledici qolları vurması ilə səciyyəvidir. Məsələn, La Liqa çərçivəsində “Barselona” ilə hər iki “el-klasiko”da həlledici qolları məhz Bellingem vurmuşdu.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024) və İspaniya La Liqasının (2023/2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


