“Jirona”nın baş məşqçisi Migel Anxel Sançes Munyos – “Miçel” 2023/2024-cü illər mövsümü İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Maraqlıdır ki, Miçel mükafat uğrunda mübarizədə cari mövsümün çempionu “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottini üstələyib.
Cari mövsümdə Miçel İspaniya La Liqasında “Jirona”ya bürünc medal qazandırıb. Bununla da sözügedən komanda növbəti, 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirakı təmin edib.
“Jirona” La Liqada Kataloniya derbisində “Barselona”nı 2 dəfə 4:2 hesabı məğlub etməyi bacarıb.
Miçel “Jirona”nın sükanı arxasında 2021-ci ilin iyulunda keçib və 2021/2022-ci illər mövsümündə uğurlu çıxışla komandanı La Liqaya daşıya bilib. Cari mövsümdə Miçelin “Jirona”sı çox inanlı təsir bağışlayıb. İspan mütəxəssisin “Jirona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Miçelin rəhbərliyi altında “Jirona” ümumilikdə 136 oyuna çıxıb, 68 qələbə qazanıb, 28 heç-heçə edib, 40 məğlubiyyət alıb. Top fərqli isə 236:164 nisbətindədir.
Mütəxəssislərin rəyincə, 48 yaşlı Miçel Sançes ispan məşqçilər arasında ən perspektivlilərdən biri hesab edilir.


