Djalma Silva “Göztəpə” ilə müqavilə bağladı, 6 futbolçu yola salındı

Kiprin AEL (Limassol) klubunun sol cinah müdafiəçisi Djalma Silva növbəti mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək “Göztəpə”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə İzmir klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Braziliyadan olan 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Djalma Silva 2022-ci ilin iyul ayından AEL-də forma geyinirdi. O, Limassol təmsilçisində 74 oyuna 5 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı müdafiəçi daha öncə “Operario”, “Konfiansa”, “Bahia” kimi klublarda da forma geyinib.

“Göztəpə” bir neçə futbolçusu ilə də yeni müqavilə bağlayıb. Bunlardan biri hücumçu Kubilay Kanatsızkuşdur. 27 yaşlı futbolçunun müqaviləsinin müddəti daha 1 il artırılıb. 2023-cü ilin yayında “Rizəspor”dan İzmir klubuna keçən türkiyəli futbolçu bu komandada 32 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, “Buraspor”, “Yeni Malatyaspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib.

“Göztəpə” sol cinah müdafiəçisi İsmail Köybaşının da müqaviləsinin müddətini 1 il artırıb. 34 yaşlı futbolçu 2022-ci ilin yayından formasını geyindiyi İzmir klubunda 49 oyuna çıxıb, 5 qol və 7 assistlə yadda qalıb. O, “Beşiktaş”, “Fənərbaxça”, “Qaziantepspor”, “Rizəspor”, “Trabzonspor” və “Qranada”da da forma geyinib. Təcrübəli oyunçu vaxtilə Türkiyə millisində də 28 matça çıxıb.

Mərkəz yarımmüdafiəçisi Doğan Erdoğan da “Göztəpə” ilə 1 illik yeni müqavilə bağlayıb. 2023-cü ilin yayından bu klubda olan futbolçu bu komandada 16 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. O, LASK, “Trabzonspor”, “Qaziantep”, “Fortuna Sittard”, “Samsunspor”, “Rizəspor” kimi klublarda da oynayıb.

“Göztəpə” nigeriyalı dayaq yarımmüdafiəçisi Antoni Dennislə də 3 illik yeni müqavilə bağlayıb. 2023-cü ilin yanvarından Türkiyə klubunda çıxış edən 19 yaşlı futbolçu burada 15 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Super Liqanın yeni klubu 6 futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri kapitan Atınç Nukandır. Onunla yanaşı, müqaviləsinin müddəti bitmiş Billal Messaudi, Celil Yüksel, Ensar Aksakal, Ümit Akdağ və Fıratcan Üzüm də komandanı tərk edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: