Məlum olduğu kimi, Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında “Real” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib.
Arena.az məlumat verir ki, son 41 ildə avrokubokların finalında heç bir komanda İspaniya nəhəngini məğlub edə bilməyib.
Sonuncu dəfə Madrid təmsilçisini avrokubokların finalında məğlub etməyi bacarmış şəxs isə “Mançester Yunayted”in sabiq, məşhur şotland baş məşqçisi Ser Aleks Ferqyuson olub.
Hazırda mövcud olmayan Avropa Kuboklar Kiubokunun 1982/1983-cü illər mövsümünün final oyununda Aleks Ferqyusonun çalışdırdığı “Aberdin” “qaymaqlılar” üzərində əlavə vaxtda 2:1 hesabı ilə qələbə qazanıb.
Bundan sonra İspaniya nəhəngi finalına yüksəldiyi bütün avrokuboklarda bir qayda olaraq qələbələrini sıralayıb.
Vurğulayaq ki, müvafiq statistikaya UEFA Super Kuboku daxil deyil. UEFA Super Kubokunun finalında “Real”ı 1998-ci ildə “Çelsi” (0:1), 2000-ci ildə “Qalatasaray” (1:2) və 2018-ci ildə Madrid “Atletiko”su (2:4) məğlub ediblər.


