Leroy Sane Vensan Kompaninin təyinatı haqda fikrini bildirdi

“Bayern”in vingeri Leroy Sane Vensan Kompaninin Münhen komandasına baş məşqçi təyin edilməsi haqda fikrini paylaşıb.

Arena.az xatırladır ki, almaniyalı futbolçu ilə belçikalı mütəxəssisin yolları onlar hələ “Mançester Siti”də çıxış edərkən kəsişib:

“Bayern” Vensan Kompanini dəvət etməklə düzgünmü etdi? Əlbəttə. Bu, mənim kimi gənc futbolçuları dəstəkləyən və daim irəli gedən, qayğı göstərən qüsursuz xasiyyətli əsl liderdir. O, çox iddialıdır. Bu keyfiyyətlər onu çox uğurlu edə bilər. Bu, əla məşqçidir. Əminəm ki, o, “Bayern”də işinin öhdəsindən gələcək”, deyə Leroy Sane “Bayern & Germany” dərgisinə açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Vensan Kompani bir neçə gün öncə Almaniya nəhəngi ilə 3 illik müqaviləyə imza atıb. Münhen klubu bu təyinata görə “Börnli”yə 12 milyon avroluq təzminat da ödəyib.

Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.

Vensan Kompani “Börnli”ni 96 oyuna çıxarıb, 41 qələbə, 24 heç-heçə, 31 məğlubiyyət yaşayıb.

Xatırladaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb, ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: