Lukas Paketa ömürlük qadağa ilə üz-üzə!

“Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketa İngiltərə Futbol Assosiasiyası (The FA) tərəfindən ömürlük cəzalandırıla bilər.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Məsələ Paketanın qanunsuz mərc qoyuluşlarında iştirakı ilə bağlıdır.

Mənbənin məlumatına görə, braziliyalı futbolçunun qəsdən fəaliyyətlərinə 60-a yaxın şəxs mərc qoyuluşları edib. Xüsusilə, Paketa tanışların mərcləri nəticəsində xüsusi olaraq sarı vərəqə alıb. Nəticədə bu şəxslərin ümumi uduşları 100 min funt-sterlinq (117 min avro) məbləğ təşkil edib. İngiltərə Futbol Assosiasiyasının protokolunda yarımmüdafiəçinin təqsiri sübuta yetiriləcəyi təqdirdə futboldan ömürlük kənarlaşdırılması tövsiyəsi var.

Bu mərclərdən birinin cəmi 7 funt-sterlinq (8 avro) məbləğində olduğu vurğulanır.

Hazırda Paketaya qarşı İngiltərə Premyer Liqası çərçivəsində “Lester Siti” (12 noyabr 2022), “Aston Villa” (12 mart 2023), “Lids” (21 may 2023) və “Bornmut” (12 avqust 2023) komandaları ilə oyunlarda davranışı ilə bağlı 4 cinayət ittihamı araşdırılır.

Xatırladaq ki, Lukas Paketa Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2019/2020 mövsümünü İtaliya “Milan”ında keçirdikdən sonra 2020-ci ilin sentyabrında 23.44 milyon avroya Lion “Olimpik”inə transfer olunub. Yarımmüdafiəçi Liqa 1 təmsilçisində 80 oyuna çıxıb, 21 qola imza atıb.

“Vest Hem” Paketanı 2022-ci ilin avqustunda Lion “Olimpik”indən 42,95 milyon avro qarşılığında transfer edib. Braziliyalı futbolçu “çəkicdöyənlər”in aparıcı oyunçusudur. O, bu komandanın heyətində indiyə qədər 84 oyuna çıxıb, 16 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasında da 44 oyuna çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı futbolçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: