“Bayer”in alman yarımmüdafiəçisi Florian Virts hal-hazırda öz gələcəyinin müzakirə mövzusu olmadığını bildirib.
Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Hamı bilir ki, mənim müqaviləm var. İndi bu barədə danışmağın vaxtı deyil. Leverkuzendə əla vaxt keçirirəm, özümü yaxşı hiss edirəm. Hazırda bütün diqqətimi 2024-cü il Avropa Çempionatına yönəltmişəm. Yerdə qalanının isə əhəmiyyəti yoxdur”, deyə Virts vurğulayıb.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Virts “əczaçılar”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 20 məhsuldar ötürmə verib. Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 152 oyun, 41 qol, 50 məhsuldar ötürmə.
Virts “Bayer”lə 2023/2024-cü illər mövsümündə həm Almaniya Bundesliqasının, həm də Almaniya Kubokunun qalibi olub. O, uğurlu çıxışı sayəsində Bundesliqada 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


