Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu portuqaliyalı sol vingeri Migel Kardozo ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti bu il mayın 31-nə qədər idi.
Migel Kardozo 2021-ci ilin avqust ayından “Kayserispor”un uğurları üçün çalışırdı. O, artıq geridə qalmış 2023/2024 mövsümündə 30 oyuna çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Bütövlükdə isə yarımmüdafiəçinin Kayseri klubundakı karyerası 100 oyun, 17 oyun və 16 məhsuldar ötürmədən ibarətdir.
Kardozo karyerası ərzində “Tondela”, SAD, “Dinamo” (Moskva), “Uniao Madeyra”, “Deportivo La Korunya” və “Tambov” kimi klublarda da forma geyinib.
Yeri gəlmişkən, “Kayserispor”un “Beşiktaş”dan icarəyə götürdüyü Kartal Kayra Yılmaz Kayseri klubundan ayrılıb. Ötən mövsümün əvvəlində 1 illik icarəyə götürülmüş 23 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb. Bu üzdən də o, müqavilə ilə məxsus olduğu “Beşiktaş”a qayıdıb. Onun İstanbul təmsilçisi ilə 2 illik müqaviləsi var.
Kartal Kayra Yılmaz “Kayserispor” formasıyla Super Liqada 29, Türkiye Kubokunda 1 matça çıxıb. 2470 dəqiqə meydanda olmuş futbolçu 2 assist müəllifi olub.
Xatırladaq ki, “Kayserispor” geridə qalmış 2023/2024 mövsümündə 38 oyuna 11 qələbə qazanıb, 12 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Kayseri təmsilçisi mövsümü 42 xalla 14-cü pillədə başa vurub.


