Albaniya parlamentinin iclası AÇ-2024-ə görə ləğv edildi

Albaniya parlamentinin gələn həftə baş tutmalı olan plenar iclası 140 deputatın əksəriyyətinin AÇ-2024-ə səfəri səbəbindən ləğv edilib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, alban deputatlar AÇ-2024-də iştirak edəcək Albaniya yığmasının oyunlarına qatılmaq üçün yarışın keçiriləcəyi Almaniyaya yollanıblar.

Mənbənin məlumatına görə, deputatların çoxu Almaniyaya maşınla gedəcək və onların səfəri bir gündən çox çəkəcək. Vurğulanır ki, bundan əvvəl, iyunun 13-də baş tutmalı olan daha bir iclas öncədən, iyunun 12-də baş tutub.

Albaniya parlamentinin bir sıra nümayəndələri deputatların müvafiq davaranışlarını tənqid edərək, bunu nizamnamənin pozulması kimi qiymətləndiriblər. Xüsusilə, Albaniya Demokratik Partiyasının rəhbəri Qazment Bardi bu ölkənin baş naziri Edi Rama ilə söhbətində məmurların müvafiq davranışını “rüsvayçılıq” adlandırıb.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün, iyunun 14-də başlayacaq qitə birinciliyi düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Albaniya millisi qitə birinciliyində İspaniya, Xorvatiya və İtaliya yığmalarının yer aldığı “B” qrupunda mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: