Endrik niyə Ronaldodan nümunə götürdüyünü açıqladı

“Palmeyras”ın və Braziliya millisinin hücumçusu Endrik portuqal ulduz Kristiano Ronaldonun onu necə ruhlandırdığı haqda sualı cavablayıb.

Arena.az xəbər verir ki, bu yay 18 yaşı tamam olduqdan sonra rəsmən “Real”ın futbolçusu olacaq 17 yaşlı mərkəz hücumçusu Madrid təmsilçisinin sabiq oyunçusu barədə bunları dilə gətirib:

“O, hər şeyin ən yaxşısını ehtiva edən oyunçu nümunəsidir. Ronaldo – işinə sadiqlik nümunəsidir. Braziliyada etdiklərim orada – “Real”da məndən tələb ediləcəklərə bənzəyir. Mən “Real”ın bir çox oyununa baxmışam və komandanın səmərəsini çox təhlil etmişəm”, deyə braziliyalı futbolçu açıqlayıb.

Böyük futbolda 3-cü mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Yeniyetmə hücumçunun “Palmeyras”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, 18 yaşı tamam olmadığı üçün isə yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.

Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 5 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: