Xorvatiya yığmasının hücumameylli yarımmüdafiəçisi Nikola Vlaşiç əzələsindən zədə aldığı səbəbindən komandanın düşərgəsini tərk edib.
Arena.az bu barədə Xorvatiya yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.
Vlaşiç bir daha AÇ-2024-də oynamayacaq.
Xatırladaq ki, Vlaşiç Xorvatiya yığmasının 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun İspaniya yığması ilə oyununun (0:3) iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmamışdı.
Nikola Vlaşiç “Omladinats” (Vranits) klubunda futbola qədəm qoyub və buradan “Hayduk”a (Split) yol tapıb. Xorvat yarımmüdafiəçisi karyerası ərzində “Everton”, CSKS (Moskva), “Vest Hem” və “Torino”da çıxış edib.
Hazırda çıxış etdiyi “Torino” Vlaşiçi 2023-cü ilin avqustunda 10,60 milyon avro məbləğ müqabilində “Vest Hem”dən heyətinə qatıb. Xorvat futbolçunun Turin klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024-cü illər mövsümndə Vlaşiç “Torino”nun heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Nikola Vlaşiç 2017-ci ilin may ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 56 oyuna 8 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı xorvat hücumameylli yarımmüdafiəçinin transfer dəyətini 10 milyon avro məbləğində qiymətləndirir.


