Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Macarıstan yığması ilə oyunu (2:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əzmkar olmağımız gərək olan məqamlar olub, amma bu, komanda olaraq yetkinləşmə prosesidir. Oktyabrda bugünkü oyunda 2:0 hesabı ilə qalib gəlməzdik. Bu səviyyədə sabit qalmaq gərəkdir. Onlar çox çətin rəqib idilər, amma biz əksər hallarda sabit qaldıq. Əvvəlcə belə bir oyunda qalib gəlmək gərəkdir, biz isə bunu bacardıq”, deyə Nagelsman vurğulayıb.
2-ci turdan sonra Almaniya yığması 6 xalla “A” qrupuna başçılıq edir. İsveçrə yığması 4 xalla 2-ci, Şotlandiya yığması 1 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız Macarıstan yığması isə sonuncu, 4-cü yerdədir.
Vurğulayaq ki, Macarıstan yığması üzərində qələbə ilə Almaniya yığması yarışın ələmə mərhələsinə – 1/8 finala vəsiqəni təmin etmiş ilk komanda olub.


