Artyom Dovbik “Jirona”dan ayrılır? – Özü açıqladı

İspaniya “Jirona”sının hücumçusu Artyom Dovbik Avropa futbolunun aparıcı klublarının maraq dairəsində olmasından danışıb.

Arena.az ukraynalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Jirona”da xoşbəxtəm. Bu komandadakı hər kəsin yanında özümü rahat hiss edirəm: oyunçular, məşqçi və komanda liderləri. Onların hamısı mənə böyük münasibət bəsləyir. Elə şərait yaradıblar ki, ən yaxşı futbolumu oynaya bilərəm. Bu, əladır”, deyə Dovbik razılıqla bildirib.

Xatırladaq ki, bundan əvvəl mətbuatda, 26 yaşlı futbolçu uğrunda “Arsenal”, Madrid “Atletiko”su, “Milan” və “Barselona”nın mübarizə apardığı haqda xəbərlər yayılmışdı.

Artyom Dovbik “Jirona”ya 2023-cü ilin avqustunda 7,75 milyon avro müqabilində “Dnepr-1”-dən keçib. Ukraynalı hücumçunun kataloniyalılarla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub, 10 məhsuldar ötürmə verib.

Ukraynalı hücumçu daha öncə “Çerkaski Dnepr”, “Dnepr”, “Zarya”, “Mitdyulland”, “Sonderyuske” kimi klublarda da forma geyinib.

Dovbik 2021-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 29 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ukraynalı mərkəz hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: