Roberto Bacco oyun seyr edərkən hücuma məruz qaldı, qarət edildi

İtaliya futbolunun əfsanəsi Roberto Bacco öz evində bir dəstə cinayətkarın hücumuna məruz qalıb və qarət edilib.

Arena.az bu barədə “Corriere del Veneto” dərgisinə istinadən məlumat verir.

“Skuadra adzurra”nın keçmiş hücumçusu AÇ-2024-ün qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş İspaniya – İtaliya oyununu (1:0) seyr edərkən hücuma məruz qalıb.

Mənbənin məlumatına görə, yerli vaxtla saat 22 radələrində ən azı beş silahlı quldur Bacconun evinə soxulub. Bildirilir ki, Roberto onlardan biri ilə əlbəyaxaya cəhd edib, amma qısa mübarizədən sonra quldur tapança ilə əfsanəvi futbolçunun alnına zərbələr endirib. Nəticədə Bacco dərin yaralar alıb, bundan sonra keçmiş futbolçu və ailə üzvləri otaqda dustaq ediliblər. Sonra cinayətkarlar bütün otaqları ələk-vələk edərək, hər şeyi alt-üst edib əşyaları çevirərək saat, qızıl-zinət əşyaları və pulları oğurlayıblar. Hələlik qarət üzrə hasilatı təxmin etmək mümkün deyil. Bacco quldurların aradan çıxdığını anlayanda qapını sındıraraq otaqdan çıxıb və dərhal polisə müraciət edib. Özünü hadisə yerinə yetirmiş polis Bacco və ailəsinin təhlükəsizliyini təmin edib. Daha sonra Roberto Bacco xəstəxanaya çatdırılıb. Keçmiş futbolçunun yarasına bir neçə tikiş qoyulub.

Polis vəziyyəti nəzarə götürüb və hazırda, izini aldığı quldurları axtarır.

Xatırladaq ki, karyerası ərzində “Yuventus”, “Milan” və “İnter” kimi komandalarda forma geyinmiş Roberto Bacco 1993-cü ildə “Qızıl top”un qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: