Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Polşa yığması ilə oyunu (3:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İlk 20 dəqiqə yəqin ki, bizim üçün mükəmməl idi. Biz 1:0-dan artıq öndə olmalıydıq, amma sonra sanki yolumuzdan sapındıq və topu itirməyə başladıq. Ona görə də ikinci hissədə bir neçə dəyişiklik etmək gərək oldu və bunu edən kimi oyunu tam nəzarət altında aldıq.
Birinci hissədəki uğursuzluğumuz əlbəttə ki, psixoloji məqam idi. Ola bilsin ki, ilk 20 dəqiqədən sonra çox asan oldu və biz düşünürdük ki, daha bir qol vura bilərik. Ya da bəlkə bu, təzyiqlə bağlı idi, amma formamız aşağı düşdü və bir neçə oyunçu öz səviyyəsindən aşağı oynadı, bunu isə biz özümüzə rəva görə bilmərik”, deyə Ralf Ranqnik vurğulayıb.
2-ci turdan sonra “D” qrupunda mənzərə belədir:
- Niderland – 4 xal
- Fransa – 4 xal
- Avstriya – 3 xal
- Polşa – 0
Vurğulayaq ki, Polşa yığması mötəbər yarışı tərk etmiş ilk komanda olub. Polyaklar sonuncu, 3-cü turda qarşılaşacaqları fransalı “xoruzlar”ı məğlub etsələr belə, ələmə mərhələsinə vəsiqə qazana bilməyəcəklər. Belə ki, Polşa yığması yarış qaydalarına əsasən, şəxsi oyunda məğlub olduğu Avstiya yığmasını yarış cədvəlində üstələyə bilməyəcək.


