Haşek Türkiyə millisi ilə həlledici oyun haqda fikirlərini açıqladı

Çexiya yığmasının baş məşqçisi İvan Haşek AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Türkiyə millisi ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, çex mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Demək olar ki, bütün oğlanlarımın oynamağa hazır olmasına şadam. Hətta bir o qədər də çox oynamayan oyunçularımdan da müsbət təsir hiss edirəm. Qrupdan çıxmağımızı istəməyimin digər səbəbi də budur. Onlara özlərini sübut etmək üçün daha bir fürsət vermək istəyirik.

Türkiyə yığmasının çox yaxşı oyunçuları var. İtaliyan məşqçi komandaya nizam-intizam aşılayıb. Onlar taktikalarını təkmilləşdirdilər. Bəzi türk futbolçular dünya səviyyəli klublarda oynayırlar. Düşünürəm ki, dörd müdafiəçi ilə oynayacaqlar, amma müdafiədə beş oyunçu ilə seçim də mümkündür”, deyə Haşek təxmin edib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “F” qrupu çərçivəsində baş tutacaq Çexiya – Türkiyə oyunu bu gün, iyunun 26-da Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Vurğulayaq ki, yarış cədvəli baxımından Türkiyə millisi heç-heçəyə də oynamaq üstünlüyünə malikdir.

3-cü tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Portuqaliya – 6 xal
  2. Türkiyə – 3 xal
  3. Çexiya – 1 xal
  4. Gürcüstan – 1 xal

Bu qrupda Poruqaliya yığması 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib. Sözügedən komanda bu mərhələdə rəqibinin müəyyənləşməsini gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: