Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında təşkil olunmuş Avropa birinciliyi davam edir.
Arena.az xəbər verir ki, ötən gün qitə birinciiliyində 1/4 final mərhələsinə yekun vurulub.
Azərbaycan millisinin daha 2 idmançısı bu mərhələni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
48 kq-da Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (+80 kq) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.
Xatırladaq ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.
Avropa birinciliyi iyunun 30-da keçiriləcək final oyunları ilə başa çatacaq.


