“Çelsi”nin müdafiəçisi Mark Kukurelya İspaniya millisindəki komanda yoldaşı Niko Uilyamsı İngiltərə klubunda görmək istədiyini bildirib.
Arena.az Kukurelyanın bu barədə fikirlərini təqdim edir:
“O, böyük oyunçudur, bütün bacarığını ortaya qoyur. Mən fəxr edirəm ki, o, bizim komandadadır, bizim tərəfdaşımızdır. Belə oyunçularla hər şey daha asandır. O, “Barselona” ilə müqavilə bağlaya bilərmi? Əla transfer olardı, hər şey onun fikrindən asılıdır. Şəxsən mən onu “Çelsi”yə getməyə sövq edirəm. Hər halda, hər şey ondan asılıdır. O, çox gəncdir, onun böyük yolu var və düşünürəm ki, Niko əla oyunçu olacaq”, deyə Mark Kukurelya vurğulayıb.
Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan bu klubun əsas komandasında çıxış edir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 60 milyon avro məbləğində qiymətləndirir.


