AÇ-2024: İspaniya – Almaniya oyunu təkrar keçiriləcək?

300 mindən artıq alman azarkeş AÇ-2024-ün 1/4 finalının İspaniya – Almaniya matçının təkrar keçirilməsi üçün petisiya imzalayıb.

Arena.az bu barədə “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, oyun əlavə vaxtda İspaniya yığmasının 2:1 hesablı qələbəsi (əsas vaxt 1:1) ilə başa çatıb və bundestim ev sahibi olduğu AÇ-2024-lə vidalaşıb.

Müvafiq petisiya onlayn surətdə həyata keçirilib. Bildirilir ki, petisiyanın təşəbbüskarı oyunun ingilis baş hakimi Entoni Teylorun çoxsaylı səhv qərarlar verdiyini əsas hesab edir. Məsələn, söhbət oyunun 106-cı dəqiqəsində bundestimin hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın İspaniya yığmasının müdafiəçisi Mark Kukurelya ilə bağlı mübahisəli məqamından gedir. Alman futbolçunun zərbəsindən sonra birbaşa qapıya istiqamətlənmiş top Kukurelyanın əlini tapmış, ingilis hakim Teylorun fiti isə susmuşdu. Petisiya iştirakçıları hesab edirlər ki, bu vaxta qədər müvafiq məqamlarda penalti təyin edilmiş onlarla oyunu misal çəkmək olar. UEFA-nın oyundan sonra özündən yeni “qaydalar” qondarması və “bəraətlə özünü sığortalamağa çalışması” isə alman azarkeşləri qane etmir. Alman azarkeşlər həmçinin gözəl futbol bayramının yarışda xeyli yol verilmiş eybəcər hakim qərarları ilə pozulduğundan pəjmürdədirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: