Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı mümkün rəqibləri arasında ilk oyun bu gün keçiriləcək.
Arena.az xəbər verir ki, bu gün avrokubokların 2024/2025 mövsümünə start veriləcək.
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutacaq.
Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. Yerli “Panevejis” komandası Finlandiyanın HJK kollektivini qəbul edəcək.
“Qarabağ”ın növbəti mərhələdəki mümkün rəqiblərinin ilk oyunu isə Maltada baş tutacaq. Ada ölkəsinin çempionu “Hamrun Spartans” Cəbəllütariq təmsilçisi “Linkoln”u öz meydanında qəbul edəcək. Bu komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.
Xatırladaq ki, Azərbaycan çempionu ilk raunddan azaddır. Ağdam klubu ilə bu cütün qalibi arasında matçlar iyulun 23-24-də və 30-31-də keçiriləcək.
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
9 iyul
19:30. “Panevejis” (Litva) – HJK (Finlandiya)
20:45. “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq)
22:00. TNS (Uels) – “Deçiç” (Monteneqro)
22:00. “Santa Koloma” (Andorra) – “Balkani” (Kosovo)
22:45. “Vikinqur” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)
23:00. “Virtus” (San Marino) – “Styaua” (Rumıniya)


