Rud van Nistelroy və Rene Hake “Mançester Yunayted”də – Rəsmi

Niderlandlı mütəxəssis Erik ten Haqın çalışdırdığı “Mançester Yunayted”in məşqçilər qərargahına iki həmvətəni qoşulub.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

PSV-nin keçmiş baş məşqçisi Rud van Nistelroy və “Qou Ehed İglz”ın keçmiş baş məşqçisi Rene Hake “qırmız şeytanlar”ın məşqçilər qərargahında yer alıblar. Hər iki mütəxəssislə müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Niderlandı mütəxəssis Erik ten Haq həmvətənlərinin “qırmızı şeytanlar”ın düşərgəsinə keçidinə münasibətini açıqlayıb:

“Şadam ki, Rene və Rud bizim layihəyə qoşulmağa razılıq verdilər. Onlar komandaya zəngin təcrübə, bilik və yeni nəbz gətirəcəklər. İndi məşqçilər qərargahını yeniləmək üçün doğru zamandır, çünki biz, təkcə son iki ildə əldə edilmiş nailiyyətləri təkrarlayacağımıza deyil, həm də yeni səviyyəyə yüksələcəyimizə ümidvarıq”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, Rud van Nistelroy və Rene Hakenin “qırmızı şeytanlar”a qoşulmasının təşəbbüskarı da məhz Erik ten Haq olub. Niderlandlı mütəxəssis “Mançester Yunayted”lə müqaviləsini yenilədikdən sonra, həmvətənlərinə müvafiq təklif ünvanlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: