Futbol üzrə Çad milli komandasının da üzvü olan mərkəz hücumçusu Kazimir Ninqa Azərbaycan klubu “Sumqayıt”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub Kazimirlə müddəti başa çatmış müqaviləni yeniləməyib. Futbolçuya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, çadlı futbolçu ötən mövsümün əvvəlində “Sumqayıt”a transfer olunmuşdu. Sol cinah vingeri kimi də çıxış edə bilən Ninqa, Azərbaycan komandasında 31 oyuna çıxıb, 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Kazimir Ninqa karyerası ərzində “Monpelye”, “Kan”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında da çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.
“Sumqayıt” Ninqadan öncə Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata və Kamran Əliyevlə də yollarını ayırmışdı. Əvəzində Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina) və Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya) komandanın sıralarına cəlb olunub.


