İspaniya çempionu “Real”ın ukraynalı qapıçısı Andrey Lunin La Liqa nəhənginin heyətindəki gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az xəbər verir ki, Lunin bu dəfə qətiyyətli cavabı ilə diqqət çəkib:
“Real”da qalmaq istəyirəm və oynamaq istəyirəm”, deyə Lunin vurğulayıb.
Yeri gəlmişkən, Lunin Səudiyyə Ərəbistanı Peşəkar Liqası klubuna keçmək təklifini rədd edib. 25 yaşlı qapıçının Səudiyyə Ərəbistanı klubundan təklif alması barədə məlumat təsdiqlənib, amma klubun adı çəkilməyib.
Vurğulanır ki, Luninin bu transfer təklifini rədd etməkdə məqsədi, Avropada ən yüksək səviyyədə çıxış etməyə davam etməkdir.
Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. O, karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Onun “Real” karyerası bütövlükdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” matçdan ibarətdir.
Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


