Almaniyanın “Ştutqart” klubunun qvineyalı mərkəz hücumçusu Seru Girassi Bundesliqanın digər təmsilçisi Dortmund “Borussiya”sına keçib.
Arena.az bu barədə “Borussiya”nın rəsmi saytına istinadən məlumat verir.
Qvineyalı futbolçu Dortmund təmsilçisi ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid “Borussiya”ya 18 milyon avro məbləğə başa gəlib.
Seru Girassinin yeniyetməlik dövrü “Montarji”, “Amii” və “Laval” klublarında keçib.
Böyük futbolda “Laval”la debüt etmiş Girassi karyerası ərzində “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn” və “Ştutqart”da oynayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Girassi “Ştutqart”ın heyətində bütün yarışlarda 30 oyuna 30 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Girassi ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 28 qol vurmaqla, yarışın ən sərrast futbolçuları arasında 2-ci olub.
Seru Girassi 2022-ci ilin martında debüt etdiyi Qvineya yığmasının heyətində 18 oyuna 3 qolla fərqlənib.
Qvineyalı hücumçu “Köln”lə 2018/2019-cu illər mövsümündə Bundesliqa 2-nin qalibi olub. Bu, Girassinin futbolda ilk və hələ yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 28 yaşlı qvineyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


