Futbol üzrə İspaniya La Liqasının növbəti, 2024/2025-ci illər mövsümündə ən ödənişli futbolçunun adı məlum olub.
Arena.az bu barədə “Сapology” maliyyə portalına istinadən məlumat verir.
Futbol ictimaiyyətinin böyük təəccübünə rəğmən, bu, “Real”ın yeni transferi – fransalı ulduz hücumçu Kilian Mbappe deyil.
La Liqanın qarşıdakı mövsümdə ən ödənişli futbolçusu “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqdur. De Yonqun illik maaşı vergi tutulmasına qədər 37,5 milyon avro məbləğindədir.
La Liqanın növbəti mövsümünün ən ödənişli futolçuları siyahısında 2-ci pillədə də “Barselona”nın futbolçusu yer alıb. “Blauqara”nın polyak hücumçusu Robert Levandovskinin illik maaaşı 33,3 milyon avro məbləğindədir.
İlk üçlüyü isə Kilian Mbappe qapayır. “Real” fransalı ulduza növbəti mövsümdə 31,3 milyon avro məbləğində maaş kəsib.
Həmçinin “Real”ın ilk onluqda daha 5 oyunçusu var: avstriyalı müdafiəçis David Alaba (4-cü), ingilis yarımmüdafiəçi Cud Bellingem (6-cı), braziliyalı vinger Vinisius Junior (7-ci), uruqvaylı yarımmüdafiəçi Federiko Valverde (9-cu) və belçikalı qapıçı Tibo Kurtua (10-cu).
Siyahıda 5-ci pillədə Madrid “Atletiko”sunun sloven qapıçısı Yan Oblak qərarlaşıb. 8-ci yerdə isə “Barselona”nın yarımmüdafiəçisi almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğandır.


