Albaniyanın “Erzeni” klubunun sol vingeri Redon Mihana bundan sonra Azərbaycan təmsilçisi “Kəpəz”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, albaniyalı futbolçunun “Kəpəz”ə keçidi rəsmiləşib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Redon Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayaacaq futbolçu son olaraq ölkəsinin “Erzeni” klubunda çıxış edib. O, ötən ilin avqust ayında azad agent kimi keçdiyi bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Mihana daha öncə ölkəsində “Eqnatiya”, “Kastrioti”, “Dinamo” (Tirana) və “Apoloniya” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Abaniyanın U-19 və U-21 millisinin şərəfini qoruyub, amma əsas millidə debüt şansı qazanmayıb.
“Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”) və Lassana Ndiayeni (“Botev”, Bolqarıstan) də heyətinə qatmışdı. Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov və Tural Rzayevlə də yeni müqavilə imzalanıb.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə “Kəpəz”i tərk ediblər.


