İngilis hücumçu Meyson Qrinvud Marsel “Olimpik”inə keçidi ilə bağlı danışıb, keçmişi ilə bağlı xoşagəlməzliyə dair şərh verib.
Arena.az nüfuzlu fransız nəşri “Ekip”ə istinadən, Qrinvudun bu barədə fikirlərini təqdim edir:
“Klubun məni almaq istədiyini biləndə diqqətimi dərhal “Olimpik”ə cəmlədim. Buradakı stadion və azarkeşlər heyrətamizdirlər. Möhtəşəm bir ab-hava, Avropanın ən parlaqlarından biri, hətta İngiltərədə də məşhurdur. Yeni baş məşqçi Roberto De Zerbi də klub üçün dəyərlidir və mən onun rəhbərliyi altında işləməyin intizarındayam. Komandaya kömək etmək üçün ixtiyari mövqedə oynamağa hazıram. “Olimpik” üçün bütün güc-qüvvəmi verəcəyəm.
Bəzi azarkeşlərin narazılığını başa düşürəm, amma münaqişəyə girmək istəmirəm. Mən irəliləmək, Marselin bir hissəsi olmaq istəyirəm. Mən ailəmin və özümün burada xoşbəxt olmağımızı və bütün diqqətimi futbola yönəltmək istəyirəm”, deyə Qrinvud vurğulayıb.
Xatırladaq ki, iyulun 18-də “Olimpik” “Mançester Yunayted”dən 22 yaşlı vinger Meyson Qrinvudu satın aldığını rəsmən bəyan edib.
Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngils futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb. Qrinvud “cənublular”ın heyətində “10” nömrə altında çıxış edəcək.
Fransızlar nədən narazıdır?
Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2018-ci ildən “qırmızı şeytanlar”ın əsas komandasında çıxış erməyə başlayıb. Ümumilikdə Qrinvud “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib.
Amma Qrinvud 2022-ci ilin 30 yanvar tarixindən rəsmi oyunlarda iştirak etmirdi. Meyson zorlamaya cəhd və hücumda şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “qırmızı şeytanlar”ın heyətində oynamayıb.
Qrinvuda qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, futbolçu komandanın məşqlərindən və oyunlarından kənarlaşdırıldığı üçün futbolsuz qalmalı olub. Ötən yay futbolçu, onu zorlamada ittiham edən qadından uşaq sahibi – ata olub.
Məhz bu xoşagəlməz məqam “Olimpik” azarkeşlərinin bəzilərinin Qrinvudun Marsel klubuna keçidinə qarşı çıxmasına əsas olub. Hətta Marselin şəhər meri də bu keçidə qarşı olub.
Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçiruib. İngilis hücumçu “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır – məlum xoşagəlməz hadisə öz sözünü deyir.
Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


