Fransada XXXIII Yay Olimpiya Oyunlarının (Paris-2024) açılış mərasiminə 4 gün qalmış Olimpiadaya 600 mindən çox bilet hələ də satışda qalır.
Arena.az bu barədə “Inside the Games” dərgisinin yarışın təşkilatçılarına istinadı əsasında məlumat verir.
İyulun 26-da Sena çayında baş tutacaq açılış mərasiminin biletləri hələ də satışdadır. Qiymətlər 900 avrodan başlayır və futbol, velosiped idmanı, üzgüçülük və atletika yarışları da daxil olmaqla 20-dən çox idman növü üzrə yarışlar üçün isə biletlər hələ də mövcuddur.
Paris-2024-ün təşkilat komitəsinin rəhbəri Toni Estanqe hələ də satılmamış biletlərin sayının, yarışa marağın azlığı haqda gerçəyi təcəssüm etdirməsi fikrini təkzib edib. Estanqe son altı ayda “bilet satışı üzrə yeni imkanların” ortaya çıxdığını bildirib, təşkilat komitəsinin isə bilet satışından müəyyən etdiyi gəlir hədəfinə çatdığını izah edib.
Vurğulayaq ki, indiyədək 8,8 milyon bilet satılıb – bu, bütün Olimpiya Oyunları üçün rekord göstəricidir. Bundan əvvəlki rekord 1996-cı ildə Atlantada keçirimiş Olimpiadada qeydə alınmışdı, o vaxt 8,3 milyon bilet satılmışd.
Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.


