“Jirona”nın hücumçusu, ötən mövsümü “Barsa Atletik”də icarədə keçirmiş Pau Viktor birdəfəlik “Barselona”ya transfer olub.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
“Barselona” 22 yaşlı ispan forvardın transfer hüquqlarını 2,7 milyon avroya alıb. Viktorla 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Pau Viktor “Jirona”nın yetirməsidir. O, bu klubun əsas komandasında 11 oyuna çıxsa da, fərqlənə bilməyib. 2022/2023 mövsümünü “Sabadell”də icarədə keçirmiş gənc forvard, ötən mövsüm də “Barselona”nın B komandasının şərəfini qoruyub. O, “Barsa Atletik”də 39 oyuna 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” Amerika Birləşmiş Ştatlarının “Los-Anceles” klubunun müdafiəçisi Mamadu Fallı da transfer edib. Seneqallı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Transfer məbləği 4 milyon avro təşkil edib.
Viktor kimi, Fall da ötən mövsüm icarə əsasında “Barselona”nın B komandasında çıxış edib. 21 yaşlı futbolçu meydana çıxdığı 22 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Pau Viktoru “Barselona”ya satan “Jirona” dayaq yarımmüdafiəçisi İbrahima Kebeni də “Lommel”ə icarəyə verib. Malidən olan 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna – 2025-ci ilin 30 iyununa qədər icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Malinin “Danaya” klubunun yetirməsi olan İbrahima Kebe “Jirona”ya 2018-ci ilin iyulunda azad agent kimi keçib. Yarımmüdafiəçi La Liqa təmsilçisinin əsas komandasında 69 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Mirandes”də də icarədə olub.


