Azərbaycan boksçusu Nicat Hüseynov Fransada təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) mübarizəyə qoşulub.
Arena.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu gün ilk döyüşünə çıxıb.
Boksçumuz 1/8 finalda Yunior Alkantara Reyeslə (Dominikan Respublikası) görüşüb. Nicat bu qarşılaşmada 0:5 (28:29, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə uduzaraq Olimpiadada çıxışını erkən başa vurub.
Xatırladaq ki, boks yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb. Onlardan yalnız Alfonso Dominqes ilk döyüşünü qalib başa vuraraq 1/4 finala adlayıb. Məhəmməd Abdullayev və Malik Həsənov isə Nicat Hüseynov kimi ilk döyüşündəcə uduzaraq mübarizəni dayandırıb.
Bu gün sonuncu boksçumuz – Murad Allahverdiyev də ilk döyüşünə çıxacaq. O, Misirdən olan Abdelrahman Abdelqavvad ilə üz-üzə gələcək.
Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


