Alfonso Dominqes Olimpiya Oyunlarının yarımfinalında!

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Boksçumuz rəqibini 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Fransa paytaxtında ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə Olimpiadanın mükafatçıları sırasında yerini təmin edib. O, finala vəsiqə üçün qarşılaşmada Enmanuel Reyes Pla (İspaniya) ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də keçiriləcək.

Xatırladaq ki, Alfonso Dominqes 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Krusu (Kuba) məğlub etmişdi.

Qeyd edək ki, 1/4 finala yüksələn digər boksçumuz Murad Allahverdiyev (80 kq) sabah rinqə çıxacaq.

Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Hələlik yalnız iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: