“Mançester Siti”nin braziliyalı sağ cinah müdafiəçisi Yan Kouto bundan sonra Dordmund “Borussiya”sının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Borussiya” onu icarə müqaviləsi əsasında öz heyətinə qatıb. İcarə müqaviləsi 2024/2025-ci illər mövsümünü ehtiva edir və 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. İcarə xərcləri isə müqavilə müddətinin sonunda razılaşdırılacaq. Futbolçunun performansından asılı olaraq, Dortmund klubunun mövsümün sonunda braziliyalı oyunçunun transfer hüquqlarını alması da mümkündür.
Yan Kouto “Koritiba”nın yetirməsidir. Braziliyalı müdafiəçi karyerası ərzində “Mançester Siti”, “Jirona” və “Braqa”da çıxış edib. Kouto son iki mövsümü icarə əsasında “Jirona”nın formasını geyinib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kouto “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna 2 qol vurub və 10 məhsuldar ötürmə verib. Braziliyalı müdafiəçinin “Jirona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 95 oyun, 5 qol və 17 məhsuldar ötürmə.
Kouto 2023-cü ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 4 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Yan Koutonun qənimətlər muzeyində Braziliyanın U-17 komandası ilə 2019-cu ildə qazandığı Dünya Kuboku var.
“Transfermarkt” internet-portalı 22 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
“Mançester Siti”nin sağ vingeri Dario Sarmiento isə Argentinanın “Tiqre” klubuna keçib. Transferin detalları açıqlanmayıb. 21 yaşlı argentinalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Dario Sarmiento “Estudiantes”in yetirməsidir. O, “Mançester Siti”yə 2021-ci ilin iyulunda 5 milyon avro müqabilində keçmişdi. Argentinalı vinger İngiltərə klubunun əsas komandasında forma şansı qazanmayıb. Bu üzdən Kouto kimi, Dario da bir müddət “Jirona”da icarədə oynamaq məcburiyyətində qalıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


