Həsrət Cəfərov Paris-2024-ün bürünc medalını qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu çəki dərəcəsində mübarizə aparan, Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov da Olimpiya Oyunlarının gümüş medalını medalını qazanıb. Həmyerlimiz finalda iranlı Səid Esmaili Leyvesi ilə qarşılaşıb. Rəqibinə 5:6 hesabıyla uduzan Pərviz yekunda gümüş medalla kifayətlənib.

Bu, Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub.

Xatırladaq ki, Həsrət Cəfərov yarımfinalda məhz Pərviz Nəsibova uduzduğu üçün bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Həsrət, Azərbaycan yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafatın sahibi olub. Yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanmışdı. Daha əvvəl mübarizəyə qoşulmuş Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) medalsız qalmışdılar.

Qadın güləşindəki yeganə təmsilçimiz Mariya Stadnik də Olimpiadanı medalsız başa vurub. Mübarizəyə yeni başlamış sərbəst güləşçilərimiz isə hələ medal hesabını aça bilməyiblər.

Rzazadə və Nurməhəmmədov üçün medal şansı qalmadı

Yeri gəlmişkən, Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib. Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Digər sərbəst güləşçimiz Osman Nurməhəmmədov da eyni aqibəti yaşayıb. 86 kq çəki dərəcəsində çıxış edən idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi – San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib. Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olmuşdular. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənmişdi. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: