Turan Bayramov uduzdu, Georgi Meşvildişvili qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Arena.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

İdmançımız rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, Turan Bayramov sabah təsəlliverici görüşə qatılacaq.

Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi – Georgi Meşvildişvili də Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 125 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (4:0) Meşvildişvili 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxturla (Monqolustan) üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal qazanıb.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: