Aleksis Sançes “Udineze”yə, Stefano Sensi “Montsa”ya keçdi

Futbol üzrə İtaliya çempionu “İnter”in bu yay vidalaşdığı Aleksis Sançes ilə Stefano Sensinin yeni komandaları müəyyənləşib.

Arena.az xəbər verir ki, çilili futbolçu azad agent kimi keçmiş klubu “Udineze”yə, italiyalı mərkəz yarımmüdafiəçisi isə “Montsa”ya keçib.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

35 yaşlı Sançes “Udineze” ilə 2 illik müqaviləyə imza atıb. 29 yaşlı Sensi isə “Montsa” ilə 1 illik anlaşıb.

Aleksis Sançes 2019-cu ildən “İnter”də çıxış edirdi. Çilili forvard İtaliya klubunun heyətində ümumilikdə 142 oyun keçirib, 24 qol vurub və 28 məhsuldar ötürmə verib. Çilili vinger 2022/2023 mövsümünü Marsel “Olimpik”ində keçirib və bir illik fasilədən sonra yenidən “İnter”ə qayıdıb. Bu yay isə o, Milan təmsilçisindən azad agent kimi ayrılmışdı.

Xatırladaq ki, Aleksis peşəkar karyerasına “Kobreola” klubunda başlayıb. Daha sonra o, “Udineze”, “Kolo-Kolo”, “River Pleyt”, “Barselona”, “Arsenal” və “Mançester Yunayted” kimi komandalarda çıxış edib.

Aleksis Sançes 2006-cı ilin aprel ayında debüt etdiyi Çili yığmasının heyətində 166 oyun keçirib, 51 qol vurub, 41 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı Aleksis Sançesi 2,5 milyon avro məbləğində qiymətləndirir.

“Çezena”nın yetirməsi olan Stefano Sensi isə 2019-cu ildən “İnter”də çıxış edirdi. İtalyan yarımmüdafiəçi Milan klubunun heyətində bütövlükdə 57 oyuna çıxıb, 4 qol və 5 assistlə yadda qalıb. O, icarə əsasında “San Marino”, “Çezena”, “Sampdoriya” kimi klublarda da oynayıb. 2022/2023 mövsümündə isə Stefano məhz “Montsa”da icarədə olub. O, vaxtilə bu komandanın heyətində 31 oyuna 3 qol vurub, 2 qol məhsuldar ötürmə verib.

İtaliyanın U-17 və U-20 yığmalarında da oynamış Sensi, 2018-ci ildən əsas millidə çıxış edir. O, İtaliya yığmasında 9 oyuna 3 qol vurub.

“Transfermarkt” internet-portalı 29 yaşlı Sensini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: