Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransada təşkil edilmiş Yay Olimpiya Oyunlarının finalında mübarizə aparıb.
Arena.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu gün ilk olaraq halqalarla bacarığını göstərib.
Komandamız bu çıxışının yekununda 34,850 xala layiq görülüb.
Daha sonra millimizin üzvləri 3 lent və 2 topla səhnəyə çıxıblar. Komandamız ikinci cəhdəində 31,600 xalla kifayətlənib.
Azərbaycan millisi iki hərəkətin yekununa əsasən 66,450 xal toplayıb. Gimnastlarımızın son mövqeyi digər rəqiblərin nəticələrindən sonra müəyyənləşib.
Millimiz yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.
Olimpiya çempionu tituluna Çin yığması yiyələnib. Sözügedən komanda yekunda 69,800 xal toplayıb. İsrail yığması 68,850 xalla ikinci, İtaliya millisi isə 68,100 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


