Lautaro Martines “İnter”lə yeni müqavilə imzaladı – Rəsmi

A Seriyasının 2023/2024 mövsümünün qalibi olan “İnter”də argentinalı hücumçu Lautaro Martines İtaliya klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

26 yaşlı hücumçu daha 5 il Milan təmsilçisinin formasını geyinəcək. Onun yeni müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa qədər qüvvədə olacaq.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə bütün yarışlarda “İnter”in heyətində 44 oyuna çıxıb, 27 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 282 oyun, 129 qol, 43 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 64 oyuna çıxıb, 29 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: