Aaron Van-Bissaka “Vest Hem”də – Rəsmi

İngiltərənin “Mançester Yunayted” klubunun sağ cinah müdafiəçisi Aaron Van-Bissaka bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Vest Hem” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub bu keçidi 17,6 milyon avroya rəsmiləşdirib. 26 yaşlı futbolçu yeni klubu ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Aaron Van-Bissaka İngiltərənin “Kristal Pelas” klubunun yetirməsidir. “Mançester Yunayted” müdafiəçini 2019-cu ilin iyul ayında 55 milyon avro qarşılığında heyətinə qatmışdı. O, “qırmızı şeytanlar”ın heyətində 190 oyuna çıxıb, 2 qola imza atıb, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Əslən Konqo Demokratik Respublikasından olan Van-Bissaka vaxtilə bu ölkənin U-17 yığmasında çıxış edib. O, sonralar İngiltərənin U-20 və U-21 yığmalarının formasını geyinməsinə baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Şola Şoretire isə Yunanıstanın PAOK klubuna keçib. 20 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 4 illik müqaviləyə imza atıb.

Şola Şoretire “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi “qırmızı şeytanlar”ın əsas komandasında 5 oyuna çıxsa da, fərqlənə bilməyib. O, ötən il “Bolton”da icarədə də oynayıb.

Əslən Nigeriyadan olan Şola Şoretire İngiltərədə dünyaya göz açdığı üçün, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, İngiltərənin U-15, U-16, U-18 və U-19 yığmalarının heyətində bütövlükdə 8 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: