Maksimilian Bayer Dortmund “Borussiya”sında!

Almaniyanın “Hoffenhaym” klubunun hücumçusu Maksimilian Bayer bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Borussiya” bu transfer üçün “Hoffenhaym”a 29,5 milyon avro ödəyib. 21 yaşlı almaniyalı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Maksimilian Bayer peşəkar karyerasına məhz “Hoffenhaym”da başlayıb. O, bu klubun əsas komandasında 46 oyuna çıxıb, 18 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Hücumçu bir müddət “Hannover”də icarədə də çıxış edib.

Almaniyanın U-17, U-20 və U-21 yığmalarında da oynamış Bayer, bu ildən əsas millidə çıxış edir. O, Bundestimin heyətində 2 oyuna çıxıb, fərqlənə bilməyib.

Maksimilian Bayeri “Borussiya”ya satan “Hoffenhaym” digər hücumçusu Fisnik Asllani ilə sol vingeri Bambase Konteni də icarəyə verib. Asllani “Elversberg”ə, Konte isə “Karlsrue”yə keçib. Onlar qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Ötən mövsüm “Austriya” (Vyana) klubunda da icarədə olmuş 22 yaşlı Asllani, “Hoffenhaym”ın əsas komandasında 10 oyun keçirib. O, Almaniyanın U-18 və U-20 yığmalarında da oynayıb.

21 yaşlı Konte isə “Hoffenhaym”ın əsas komandasında 8 oyun keçirib. Bambase də Almaniyanın U-16 və U-20 yığmalarında oynayıb.

“Hoffenhaym” heyətinə yeni oyunçu da cəlb edib. Bundesliqa təmsilçisi Avstriyanın “Şturm Qras” klubunun yarımmüdafiəçisi Aleksander Prass ilə güclənib. Almaniya klubu bu transfer üçün 9,5 milyon avrosundan keçib. 23 yaşlı futbolçu “Hoffenhaym”la 4 illik müqaviləyə imza atıb.

Aleksander Prass peşəkar karyerasına “Zalsburq”da başlayıb. “Liferinq”də də oynamış yarımmüdafiəçi, 2021-ci ildən formasını geyindiyi “Şturm Qras”da 130 oyuna 12 qol vurub, 26 assistlə yadda qalıb.

Prass Avstriya yığmasında da forma geyinir. O, 2022-ci ilin noyabrında debüt etdiyi millidə 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.