Tahir Gözəl: “Qarabağ” daha böyük zirvələri fəth edəcək”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi doğma meydanda 1:2 hesabıyla uduzduğu Bolqarıstan çempionuna səfərdə 7:2 hesabıyla qalib gələrək ÇL-in pley-off mərhələsinə yüksəlib.

Qarşılaşmadan sonra klub prezidenti möhtəşəm zəfərlə bağlı fikirlərini bölüşüb. O, klubun uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib:

“İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.

Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün – iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm.

Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.

“Bu qələbə bizim üçün sadəcə bir addımdır”

Tahir Gözəl bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda cənab prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar bizi gözləyir!”.

Sonda onu da qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək. Pley-offun ilk görüşləri 20-21 avqustuda, cavab görüşləri isə ayın 27-28-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: